Fors major hallar

Fors major hallar

-Shabnam Taghiyeva.

Fors-major hallarının Azərbaycan Respublikasının qanunvericiliyində təsbiti.

Təcrübədə istər yerli, istərsə də xarici şirkətlərlə bağlanan müqavilələrinin demək olar ki istisnasız hamısında fors-major maddəsinə rast gəlirik. Hər nə qədər bu maddə müqavilənin sadə bir müddəası kimi nəzərdən keçirilsə də, tərəflər üçün yaratdığı hüquqi nəticələr baxımından olduqca önəmlidir. 

Beynəlxalq kommersiya təcrübəsinə əsasən, fors-major hallar tərəf(lər)i müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə məsuliyyətdən azad edir və ya tərəf(lər)ə müqaviləyə bütünlüklə və ya qismən xitam vermək və ya müqavilənin icrasını dayandırmaq hüququ verir. Fors-major sözü,  fransızca “force-majeure” “üstün güc” və ya “daha böyük güc” mənasını verir. Bu konsepsiya ilk olaraq Fransanın mülki qanunvericiliyində təşəkkül tapıb və artıq dünyanın əksər ölkələrində mülki hüququn bir hissəsinə çevrilmişdir. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında anlayış verilməsə belə, fors-major terminindən istifadə edilir. Məsələn, “Poçt haqqında”; “Elektroenergetika haqqında”; “Energetika haqqında; “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunlarında fors-major halda məsuliyyətin aradan qalxmasına dair müddəalar öz əksini tapır. Azərbaycan Respublikasını Gömrük Məcəlləsində fors-majora verilən anlayışa rast gəlirik (maddə 1.0.9). Azərbaycan Respublikası Vergilər Məcəlləsində isə fors-major sözü işlədilməsə belə, təbii fəlakət və ya digər fövqəladə və qarşısıalınmaz hadisələr öhdəliyin icra edilməməsinə görə şəxsin təqsirini aradan qaldıran (maddə 55.1.1.) və ya öhdəliyin daha gec müddətə icrasına imkan verən hal (maddə 86.5) kimi müəyyən edilir. Fors-major hallara bir sıra digər sənədlərdə də şəxsin iradəsindən asılı olmadan baş verən hallar kimi istinad edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nın 6.2-ci maddəsində isə tərəflər tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, əvvəlcədən nəzərdə tutulması mümkün olmayan hadisələr kimi anlayış verilməklə, fors-major hallar sadalanır.

Qarşısıalınmaz qüvvə. Mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, eləcə də müqavilə və digər öhdəlik münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Mülki Məcəlləsində (MM) isə fors-major terminindən birbaşa istifadə edilmir. Lakin MM-in ayrı-ayrı maddələrində qarşısıalınmaz qüvvə ifadəsi işlədilir. Hətta 24 iyun 2005-ci il tarixli dəyişiklik və əlavələrdən əvvəl, MM qarşısıalınmaz qüvvəyə anlayış da verirdi. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin öhdəliyin pozulması ücün məsuliyyətinin xüsusi əsaslarını tənzimləyən 455-ci maddəyə əsasən, MM və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən öhdəliyi icra etməmiş və ya lazımınca icra etməmiş şəxs lazımınca icranın qarşıalınmaz qüvvənin, yəni həmin şəraitdə fövqəladə və qarşısı alına bilməyən halların nəticəsində qeyri-mümkün olduğunu sübuta yetirməsə, məsuliyyət daşıyırdı. Göründüyü kimi, MM qarşısalınmaz qüvvəyə fövqəladə və qarşısı alına bilməyən hallar kimi anlayış verirdi. Hesab edirik ki, bu anlayış fors-major halların təbiətini tam olaraq əks etdirir. Hazırda bu maddə MM-dən çıxarılsa da, 379.1.1, 588.2, 813, 831.3, 1108.1 və s. maddələrində qarşısıalınmaz qüvvənin təsiri nəticələri tənzimlənir. 

Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi. Mülki qanunvericilikdə fors-major hallar anlayışına yaxın anlayış MM-in 422-ci maddəsi ilə tənzimlənən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarıdır. Həmin maddəyə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Sözügedən maddə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən şərh edilmiş və maddənin tətbiqi ilə bağlı bir sıra sual doğuran məqamlara aydınlıq gətirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair 07 sentyabr 2018-ci il  tarixli Qərarına (Qərar) əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. Şəraitin dəyişməsi tərəflər üçün gözlənilməz xarakter daşımalı, əhəmiyyətli olmalıdır. Qərarda deyilir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Məhkəmənin mövqeyi belədir ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin icrası imkanını tam olaraq aradan qaldırmamaqla, son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir. 

Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olan halları tərəflər ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Fors-major hallar üçün isə eyni sözü demək olmaz. Fors-major halların baş verməsi ehtimalı həmişə var və tərəflər belə halları “ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər” belə yenə də müqaviləni məhz həmin şərtlərlə bağlayacaqdılar. İkinci mühüm fərq isə ondan ibarətdir ki, birinci halda tərəflərin müqavilə şərtlərini yenidən gözdən keçirmək hüququ yaranır. Tərəflər müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışmalıdır. Tərəflər razılığa gələ bilmədikdə və MM-in 422.2 və 422.4-cü maddələrin tələbləri daxilində müqavilənin ləğvi mümkündür. Fors-major hallar isə müqavilənin icrasını mümkünsüz etdiyindən tərəfi müqavilənin icrasından müəyyən müddətə azad edir –möhlət verir və ya belə müddət nəzərdə tutulduğundan daha artıq çəkərsə, müqavilənin ləğvinə səbəb olur. 

Deməli, fors-major hallar müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etməklə, tərəflərdən biri və ya hər ikisi üçün mənfi nəticə yaradır. Belə ki, tərəflər hər hansı bir işin görülməsi, xidmətlərin göstərilməsi və ya pul, əmlakın verilməsi məqsədilə müqavilə bağladıqdan sonra məhz belə hallara görə müqavilə üzrə öhdəliklərin icrası, son nəticədə isə müqavilənin məqsədinə çatmaq mümkünsüz olur.

İcranın mümkünsüz olması ilə bağlı MM-də ayrıca maddə var. “İcra mümkün olmadığına görə öhdəliyin xitamı” adlanan 556-cı maddədə deyilir ki, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Hesab edirik ki, birbaşa ifadə edilməsə belə, bu maddə özü də fors-major halları ehtiva edir. Lakin bütün hallarda icranın qeyri-mümkünlüyü fors-major hallarla bağlı olmaya da bilər. Nəticə etibarilə, icra qeyri-mümkün olduqda halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. 

İlk növbədə icranın qeyri-mümkünlüyü nəticəsində öhdəliyə xitam verilməsi üçün belə mümkünsüzlük obyektiv olmalıdır. İcranın qeyri-mümkünlüyü şəxsin iradəsindən asılı olmamalı, hər hansı subyektiv əsaslara söykənməməlidir. Əks halda bu, mülki dövriyyənin sabitliyini təmin edən ən əsas prinsiplərə zidd olardı. Digər tərəfdən isə, fors-major hallarda icranın yalnız bir tərəfə münasibətdə və ya yalnız müəyyən dövrdə qeyri-mümkün olması da mümkündür. Fors-major hallar müqavilə üzrə öhdəliklərin xitamına yalnız o halda səbəb olur ki, müqavilə üzrə razılaşdırılan və ya razılaşdırılmadığı halda ağlabatan müddətdə müqavilənin icrası mümkün olmur. Bundan əlavə, icranın qeyri-mümkünlüyünə tərəflərdən hər hansı birinin təqsirli hərəkətləri səbəb olmamalıdır. Belə ki, təqsir varsa, borclu belə pozuntuya görə məsuliyyət daşıyacaqdır (MM 448.2). Fors-major hallarda da tərəflərin təqsirindən söhbət gedə bilməz.

Dövlət və ya bələdiyyə orqanının aktına əsasən öhdəliyin xitamı. MM 557-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Belə hesab edə bilərik ki, bu icranın mümkün olmaması ilə yanaşı, fors-majorun da xüsusi bir halıdır.  Maddə belə hallarda dövlət tərəflərə dəyən zərərin əvəzinin ödənilməsini dövlət və ya bələdiyyənin üzərinə qoyur. Həmin aktlar sonradan etibarsız sayıldıqda isə müəyyən şərtlər daxilində öhdəlik bərpa edilir (maddə 557.2).

Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. Fors-major halları həm də tərəf öhdəliklərini icra edə bilmədikdə məsuliyyətdən azad edən hal kimi nəzərdən keçirmək olar. MM-in 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 

Bu maddənin məzmunundan belə aydın olur ki, borclu müqavilənin icrasına mane ola biləcək riskləri öncədən nəzərə almalı və mümkün nəticələri müqavilədə qarşı tərəflə razılaşdırmalıdır. Əks halda, yəni belə risk müqavilə ilə tənzimlənməyibsə öhdəliyin pozulmasına görə məsuliyyət daşıyacaqdır. Lakin burda məhz borclunun risk dairəsinə daxil olan, məsuliyyət daşıya biləcəyi hallardan danışılır. Bu maddəyə əsaslanaraq, müqavilədə fors-major hallar dəqiq olaraq müəyyən edilmədikdə və ya fors-major hal kimi müəyyən edilməyən amma icranı mümkünsüz edən fors-major hal baş verdikdə tərəfin məsuliyyət daşıyacağı barədə qənaətə gəlmək olmaz. Belə qənaət fors-major anlayışının mahiyyətinə və təbiətinə zidd olardı. Həmin maddənin  4-cü bəndi də bu fikri dəstəkləyir. Həmin müddəaya əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 

Prinsipcə bu maddədə də fors-major hallar ehtiva olunur. Tələb ondan ibarətdir ki, borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Belə məzmunda müddəa fors-major hallara dair maddələrdə öz əksini tapır. Belə ki, əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Göründüyü kimi burda da, icranı qeyri-mümkün edən hallara görə yox, məhz həmin hallar barədə vaxtnda məlumat verilməməsinə görə yaranan zərərdən danışılır.

Qanunvericilikdə fors-major halları ehtiva edən ayrı-ayrı maddələr olsa belə, belə halları və hüquqi nəticələri tənzimləyən konkret normalar olmadığından, fors-major halların qəti və dəqiq siyahısı qanunvericiliklə müəyyən edilmədiyindən, müqavilələrdə belə halların tənzimlənməsi məqsədəuyğundur. Bu zaman aşağıdakı məqamlara diqqət yetirilməklə, maddəni daha konkret və ətraflı tərtib etmək olar:

  1. fors-major halların siyahısı və ya belə siyahı olmadıqda hansı meyarlar əsasında müəyyən edilməsi;
  2. fors-major hallar baş verdiyi halda müddət göstərilməklə tərəfin məlumat vermək vəzifəsi;
  3. fors-major hallara dair hansı halda təsdiqedici sənədlərin təqdim edilməsi;
  4. fors-major hallarda öhdəliklərin icrasına möhlət verilməsi və belə möhlət müddəti;
  5. fors-major halların hansı şərtlər daxilində müqavilənin ləğvinə əsas verməsi.

Deməli, müqavilədə fors-major halların tənzimlənməsinin mühüm əhəmiyyəti ondan ibarətdir ki, gələcəkdə hansı halların fors-major hal hesab edilib-edilməməsi və tərəflərin məsuliyyətinə dair tərəflər arasında mübahisə yaranmasın. Digər tərəfdən isə müqavilədə göstərilən hər hansı fors-major halın baş verməsi avtomatik olaraq öhdəliklərin icrasının qeyri-mümkünlüyünə dəlalət etmir. Tərəflər öhdəliklərin icrası zamanı vicdanlı olmalı, müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməlidirlər (MM, maddə 425.2).